Təzə gəlin

Musiqisi / Music : Ələkbər Tağıyev (1924-1981)
Sözləri / Lyrics : Adil Babayev (1925-1977)

Ayrıca bax / See also : Azərbaycan melodiyalari – T hərfi

***
Qədəmin (Əməlin) xoş olsun,ürəyin təmiz
Qəlb açsın söhbətin ay təzə gəlin.
Başı uca etsin, ürəyi məğrur
Qayğın, məhəbbətin, ay təzə gəlin!

Nəqarət:
Bu gün bir gəlinsən, sabah bir ana,
Yaşa ilk eşqinlə sən yana-yana!
Ana torpağımız Azərbaycana
Car olsun ülfətin ay təzə gəlin!

Sev ürək dostunu, can sirdaşını,
Ana ol, bu evdə ağart başını.
Görək yüz yaşını, yüz on yaşını,
Olmasın möhnətin, ay təzə gəlin!

Gün kimi aydın ol, sən parla, yaşa
Baharsan, həmişə baharla yaşa.
Qeyrətlə, qürurla, vüqarla yaşa,
Deyilsin ismətin, ay təzə gəlin!

Həyatı, sevgini sanma oyuncaq,
Yaşa öz eşqinlə, andınla ancaq.
Bizim qədirbilən bu qədim ocaq,
Qoy, olsun şöhrətin ay təzə gəlin!

***
Məmmədbağır Bağırzadənin ifasında